Jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilmişdir. Əgər respublikamızın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.